VİDEOTƏSVİRLƏRİN ANALİZİ ƏSASINDA SOSİAL MÜNASİBƏTLƏRİN AŞKARLANMASI ÜÇÜN YANAŞMA
E-dövlətin səmərəli idarə olunması, ölkədə sosial-iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə sosial münasibətlərin aşkarlanması və analizi vacib məsələlərdəndir. Sosial münasibətlərin analizi cəmiyyətdə baş verən prosesləri və mövcud sosial problemləri daha aydın şəkildə görməyə imkan yaradır. Videotəsvirlərin intellektual analizi nəticəsində insanları və obyektləri tanımaq, hadisələri və sosial münasibətləri müəyyən etmək üçün bəzi mövcud metod və yanaşmaların araşdırılması tədqiqat obyektinin əsasını təşkil edir. İctimai yerlərdə vətəndaşların davranışlarını müşahidə etməklə sosial münasibətləri aşkarlamaq və baş verə biləcək anomal hadisələri proqnozlaşdırmaq çox mürəkkəb prosesdir. Məqalədə videomüşahidə sistemləri vasitəsilə əldə olunan təsvirlərdən istifadə etməklə obyektlərin və hadisələrin analizində bəzi mövcud yanaşmalar araşdırılmış, videotəsvirlərin intellektual analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün yeni yanaşma təklif olunmuş, intellektual videomüşahidə sistemlərinin ümumi arxitektur sxemi işlənmişdir. Videomüşahidə kameraları ilə əldə olunan videotəsvirlərin analizi üçün mərhələli həll yolu təklif olunmuşdur. Tədqiqatda əldə edilən nəticələr e-dövlətin daha səmərəli idarə olunması, sosial-iqtisadi proseslərin proqnozlaşdırılması, vətəndaşların təhlükəsizliyinin təmini və bir çox sahələrdə istifadə oluna bilər.